Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti UNEC
RUS IQTISAD MƏKTƏBİNİN
ƏSASNAMƏSİ
Maddə 1. Ümumi müddəalar
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbi (bundan sonra – RİM) UNEC-in Böyük Elmi Şurasının ____tarixli ___li qərarı ilə UNEC rektorunun 14 iyun 2016-cı il tarixli saylı Əmri ilə yaradılmışdır.
RİM Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ-hüquqi aktlarına, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, “Müəllimlərin etik davranış qaydaları”na, təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən digər nоrmativ-hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdaş çıхdığı beynəlхalq müqavilələrə, UNEC-in Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
RİM UNEC-in rusdilli ali iqtisadi təhsil məkanına inteqrasiyasını təmin edir, Universitetin bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün faydalanmasına şərait yaradır. Tələbələrin məktəbdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasiyalarının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına, onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır.
RİM UNEC-in struktur bölməsidir və birbaşa Universitetin rektoruna tabedir.
RİM-də aşağıdakı ixtisaslar üzrə ali təhsilli peşəkar iqtisadçı mütəxəssislərın hazırlanması həyata keçirilir:
- menecment;
- mühasibat uçotu;
- marketinq;
- maliyyə;
- biznesin təşkili və idarə edilməsi;
- iqtisadiyyat;
- ekologiya;
- sosiaı iş;
- beynəlxalq münasibətlər;
- beynəlxalq ticarət və logistika.
RİM-in Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) RİM-in adı əks edilmiş dairəvi möhürü, həmçinin müəyyən olunmuş nümunəvi blankları vardır.
RİM-ə UNEC tərəfindən istifadəyə verilmiş əmlak UNEC-in mülkiyyətidir. RİM fəaliyyətini həyata keçirmək üçün ona idarəetmə hüquqları ilə verilmiş əmlakdan təhsil müəssisələri üçün müəyyən edilmiş qaydada istifadə hüququna malikdir.
RİM Bakı şəhərində UNEC-in 2 saylı korpusunda yerləşir. Ünvan: Bakı şəhəri, H.Əliyev küçəsi,135A.
Maddə 2. RİM-in əsas məqsədləri:
RİM-in əsas məqsədləri aşağıdakılardan ibarətdir:
- dünya elm və təhsil məkanına çoxsaylıinteqrasiyaya nail olunması
- UNEC-in rusdilli elm və təhsil məkanına inteqrasiyasının təmin edilməsi;
- Avrasiya məkanında elm və təhsil sferalarında mübadilə prosesində UNEC-in iştirakının təmin edilməsi;
- RİM məzunlarının postsovet məkanının əmək bazarına çıxışı və həmin bazara adaptasiya prosesinin həyata keçirilməsi;
- Elm və təhsil sferaları üzrə xidmətlərin ixracı;
- RİM-in bazasında ölkədə iqtisadyönümlü elmi-analitik expert mərkəzinin formalaşması;
- Beynəlxalq tələblərə cavab verən, öz məsuliyyətini dərk edən, milli ənənələrə və demоkratik prinsiplərə, biznes etikasına, kreativ-innovativ və müstəqil dü- şüncə tərzinə malik olan və azərbaycançılıq ideyalarına sadiq olan ali təhsilli ixtisaslı peşəkar mütəxəssislərin hazırlanması;
- Nəzəri və praktiki biliklərə yiyələnən, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, müasir təfəkkürlü və rəqabət qabiliyyətli peşəkar mütəхəssis kadrların hazırlaması;
- İqtisadi etika, təqdimat qabiliyyəti, vaxtın idarə edilməsi, məntiqli düşüncənin formalaşdırılması və səmərəli əmək fəaliyyətinə inteqrasıyasının təmin edilməsi;
- Müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələrin tutulması üçün tələbələrin hazırlanması, eyni zamanda onlara kollektivlə işləmək bacarığı, iş prosesində yaradıcı və əsaslandırılmış qərar qəbul etmək bacarığı və vərdişlərinin aşılanması;
- Tələbələrə hökumət, qeyri-hökumət, ictimai və kommersiya yönümlü təşkilatlarda, müxtəlif sahibkarlıq subyektlərində struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərə çevik reaksiyanın verilməsi ilə bağlı vərdişlərin aşılanması, onlarda qanunvericilikdə, iqtisadiyyatda və biznes mühitində planlaşdirma və proqnozlaşdırma, habelə digər peşə kompetensiyalarının formalaşdırılması;
- RİM elm və təhsil sahəsində yaranmış yeni meylləri qiymətləndirərək UNEC rəhbərliyi qarşısında təşəbbüslərlə çıxış edir, UNEC-in və RİM-in müsbət imicinin formalaşdırılmasına, mövqeləşməsinə və brendləşməsinə çalışır.
Maddə 3. RİM-in əsas vəzifə və funksiyaları
RİM-in əsas vəzifə və funksiyaları aşağıdakılardır:
- RİM hazırladığı ixtisaslar üzrə təcrübədən keçmiş interaktiv təlim vasitələrinin və eləcə də müasir elmi, nəzəri və praktik biliklərin tətbiqini təmin edir;
- Keçirilən fənnlərin tədrisini tələbələrə bilik və işgüzar keyfiyyətlərin aşılanmasını, onların dərsdə iştirak etməsini, kollokviumların keçirilməsini, semestr imtahanlarını (müxtəlif formalarda) təşkil edir, eləcə də bu proseslərə nəzarət və rəhbərlik edir;
- RİM-in tabeliyində olan kafedra və ya kafedraların, eləcə də digər strukturların fəaliyyətinə nəzarət və rəhbərlik edir;
- Tədris planını aparıcı universitetlərin tədris standartlarına uyğun işləyib hazır- layır və təsdiq edilməsi üçün UNEC-in Elmi Şurasına təqdim edir;
- Tədris proqramlarının reallaşdırılmasını (sillabus) yüksək səviyyədə, mövcud standartlara uyğun təşkil edir;
- Tədris, elmi-tədqiqat işləri və digər fəaliyyətlərin planlaşdırılmasını və təşkilini həyata keçirir;
- Əməli fəaliyyət prosesində müasir elmi-texniki informasiya vasitələrindən səmərəli istifadəni təmin edir;
- Cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin peşəkar səviyyədə mənimsənilməsini həyata keçirir;
- İqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəli ali təhsilli peşəkar mütəxəssislər hazırlayır;
- Sistematik və fərdi əsaslı carı və ya gözlənilən problemlərin aradan qaldırıl- masını aşılayan bilikləri tədris edir;
- Beynəlxalq səviyyəli ixtisas, lisenziya və sertifikat imtahanlarına hazırlıqları ödənişli əsaslarla təşkil edir;
- Kreativ-innovativ ideyaların təqdim edilməsi üzrə ödənişli əsaslarla təşəb- büskarlıq seminarlarını keçirir;
- Regional və beynəlxalq əhəmiyyətli elmi-tədqiqat işləri, texniki yardım layihələri, qrantlar və digər birgə maliyyələşdirilən dövlət və özəl müsabiqələrdə iştirak edir;
- Elmi iclaslar, simpoziumlar, forumlar, dəyirmi masalar, tədris və metodiki konfranslar, seminarlar və görüşlər keçirir;
- Müxtəlif qurumların sifarişləri əsasında elmi, elmi-tədqiqat və tədris fəaliyyəti çərçivəsində araşdırma, mühazirə və ekspert xidmətlərini ödənişli əsaslarla təşkil edir;
- İqtisadiyyatın müxtəlif sahələri üzrə aparıcı universitetlərdə və digər təhsil, elmi müəssisələrdə tədris olunan dərs vəsaitlərinin tərcüməsi, tədris və metodiki vasitələrin, səsli və vizual vəsaitlərin hazırlanmasını reallaşdırır;
- Digər universitetlərin proqramları, ixtisasartırma müəssisələri və elmi- tədqiqat təşkilatları ilə əməkdaşlığı həyata keçirir;
- RİM-in elmi və tədris kadrları UNEC-in professor-müəllim heyəti ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətindən ibarət ola bilər;
- Aparıcı universitetlərlə tələbələrin, professor-müəllim heyətinin üzvlərinin mübadiləsinə, ikili (double) və üçlü (triple) diplomların verilməsinə və tanınmasına nail olmaq məqsədilə beynəlxalq əməkdaşlıq memorandumların imzalanmasını təşkil edir;
- RİM-in tabeliyində olan kafedra və ya kafedraların, eyni zamanda tabeliyində olmayan, amma RİM-də tədris və elm prosesində iştirak edən müəllimlərin peşəkar hazırlığının lazımi səviyyədə olmasına nəzarət edir;
- RİM hüquqi şəxs olmayan digər köməkçi bölmələr yarada bilər;
- RİM-də tələb olunan standartlar üzrə elm, tədris fəaliyyəti, tələbələrin ixtisas təcrübələrinin keçməsi, tələbələrlə təlim-tərbiyyə istiqamətləri üzrə işlər təşkil edilir və bütün bu istiqamətlər üzrə cari və strateji idarəetməni təşkil edir;
- RİM tərkibində fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətinə rəhbərlik edir;
- Davamlı və dayanaqlı inkişafı təmin etmək üçün strateji və cari fəaliyyətdən irəli gələn digər vəzifələri həyata keçirir.
Maddə 4.RİM-in strukturu və idarə edilməsi
RİM-in strukturu, əməkdaşlarının say həddi Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun əmri ilə müəyyən edilir;
Struktura ümumi rəhbərliyi strukturun direktoru, o olmayanda direktorun müavinləri həyata keçirir.
RİM-in idarəetmə strukturu aşağıdakı ştat vahidlərindən ibarətdir:
Direktor:
- Direktor UNEC-in rektoru tərəfindən vəzifəyə təyin edilir və vəzifəsindən azad edilir və RİM-in fəaliyyətinə ümümi rəhbərlik edir;
Direktor müavinləri:
- Direktor müavinləri direktorun təqdimatları əsasında UNEC-in rektoru tərəfindən vəzifələrə təyin edilir və vəzifələrindən azad olunurlar. Onların vəzifə təlimatlarına uyğun olaraq direktorun tapşırıqlarını icra edir və RİM-də cavabdeh olduqları sahələrə nəzarət və rəhbərlik edirlər;
Fakültə Katibi:
- Katib vəzifəsinə direktorun təqdimatı ilə UNEC-in rektoru tərəfindən təyin edilir və təsdiq edilmiş vəzifə təlimatı üzrə fəaliyyət göstərir;
“Qeydiyyat, uçot və sənədləşmə” bölməsinin rəhbəri:
- Bölmə rəhbəri fakültə dekanının təqdimatı əsasında UNEC Rektoru tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
“Tyutor xidməti” bölməsinin rəhbəri:
- Bölmə rəhbəri fakültə dekanının təqdimatı əsasında UNEC Rektoru tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Mütəxəssislər:
- Mütəxəssis vəzifələrinə direktorun təqdimatı ilə UNEC-in rektoru tərəfindən təyin edilir və təsdiq edilmiş vəzifə təlimatı üzrə fəaliyyət göstərirlər;
Kargüzar-operator:
- Kargüzar-operator vəzifəsinə direktorun təqdimatı ilə UNEC-in rektoru tərəfindən təyin edilir və təsdiq edilmiş vəzifə təlimatı üzrə fəaliyyət göstərir.
Tyutorlar:
- Tyutorlar vəzifələrinə direktorun təqdimatı ilə UNEC rektoru tərəfindən təyin edilirlər və təsdiq olunmuş vəzifə təlimatı ilə fəaliyyət göstərirlər.
Maddə 5. RİM-in Elmi şurası
RİM-in Elmi Şurası RİM-də elm, tədris və digər sahələr üzrə inkişaf strategiyasını müəyyən edən, cari idarəetməyə dair müvafiq qərarlar qəbul edən qurumdur. Qurum UNEC-in rektorunun əmri ilə yaradılır. Elmi Şuraya rektorun əmri ilə RİM-in direktoru, direktor müavinləri, RİM-in tabeliyində olan kafedra və ya kafedraların müdirləri, professor-müəllim və tələbə heyətinin fərqlənən nümayəndələri daxil edilirlər. Şuraya RİM-in direktoru sədrlik edir. Direktor Şuranın iclasında iştirak etmədikdə Şuraya Şuranın sədr müavini (direktorun elmi işlər üzrə müavini) sədrlik edə bilər.
RİM Elmi Şurasının əsas vəzifələri:
- Tədris, tədris-metodiki elmi-tədqiqat işinin aparılması, kadrların ixtisasının artırılması məsələləri, tələbələrlə təlim-tərbiyyə istiqamətində aparılan işlərlə bağlı müvafiq qərarların qəbulu;
- RİM-in tabeliyində olan kafedraların müdirlərinin, kafedraların tərkibindəki bölmə və ixtisas rəhbərlərinin hesabatlarını dinləyir;
- RİM-in tabeliyində olan kafedralarda fəaliyyət göstərən tədqiqatçılarla iş qaydasını müəyyən edir;
- RİM-in tabeliyində olan kafedraların müəllimlərinə və digər əməkdaşlarına elmi adların verilməsi barədə təkliflər hazırlayır, onların dissertasiyalarının mövzularını və planlarını təsdiq edir, hazır olan dissertasiya işlərinin ilkin müzakirələrini həyata keçirir;
- RİM-in Elmi Şurasının fəaliyyətinin əsas istiqamətləri RİM-in təqdimatına əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektoru tərəfindən təsdiq edilən “Rus İqtisad Məktəbinin Əsasnaməsi” ilə müəyyən edilir.
Maddə 6. RİM-in Əsasnaməsinə dəyişiklik və əlavələrin daxil edilməsi qaydaları
- RİM-in Əsasnaməsinə dəyişiklik və əlavələr RİM-in Elmi Şurası tərəfindən səs çoxluğu ilə UNEC-in Elmi Şurasına təqdim edilir;
- RİM-in Əsasnaməsinə edilən dəyişiklik və əlavələr UNEC-in Elmi Şurasının üzvləri tərəfindən səs çoxluğu əsasında qəbul edilir.
Maddə 7. RİM-in yenidən təşkil olunması
- RİM UNEC-in Elmi Şurasının qərarına əsasən UNEC rektorunun əmri ilə yenidən təşkil oluna bilər;
- RİM-in yenidən təşkil olunması, qovuşma, birləşmə, bölgü, yenidənqurma və digər formalarda həyata keçirilə bilər.
Maddə 8. RİM-in ləğv olunması
RİM aşağıdakı əsaslarla ləğv oluna bilər:
- UNEC-in Elmi Şurasının qərarına əsasən UNEC rektorunun əmri ilə;
- Mövcud qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydalarla.
UNEC-n Elmi Şurası və yaxud universitet rektoru RİM-in ləğv olunması ilə bağlı qərar qəbul edərkən ləğv olunma komissiyası təyin edilir və qanunun tələblərindən çıxış edərək RİM-in ləğv olunması qaydası və müddəti müəyyənləşdirilir.
Maddə 9. Digər şərtlər
- Bu Əsasnamədə nəzərdə tutulmayan digər məsələlər UNEC-in Nizamnaməsi və qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilir;
- Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.